Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, 2026-cı il iyulun 14-də (hicri-qəməri 1448-ci il Məhərrəm ayının 29-u) Nigeriya İslam Hərəkatının rəhbəri Şeyx İbrahim Zəkzaki İraqın Kərbəla şəhərindəki elmi hövzələrdə təhsil alan bu hərəkatın bir qrup tələbə və araşdırmaçısı ilə görüşüb.
Şeyx Zəkzaki görüşdə şəhid Ayətullah Seyid Əli Xameneinin (r) şəhadətinə toxunaraq, bu hadisənin mübarək Ramazan ayı, Əmirəl-möminin həzrət Əlinin (ə) şəhadət ayı ilə eyni vaxta təsadüf etməsini və onun dəfninin İmam Səccadın (ə) şəhadət gecəsində baş tutmasını ilahi hikmətin təcəllisi adlandırıb və bildirib: Bu hadisələr təsadüfi deyil, əksinə, şəhadət yolunun davam etdiyini göstərir. Düşmənlər isə bu həqiqəti dərk etməkdə acizdirlər.
O bildirib ki, düşmənlər həmişə görkəmli şəxsiyyətləri şəhid etməklə ilahi dini zəiflədə biləcəklərini düşünürlər. Zariya hadisəsindən sonra bəzi təhlükəsizlik rəsmilərinə dediyi sözləri xatırladan Şeyx Zəkzaki vurğulayıb: Əgər bir insanın şəhadəti ilə şiə məktəbi aradan qalxmalı idisə, bunu ilk olaraq İmam Hüseynin (ə) şəhadəti etməli idi. Halbuki onun şəhadəti bu məktəbin daha da genişlənməsinə və möhkəmlənməsinə səbəb oldu.
Nigeriya İslam Hərəkatının rəhbəri qeyd edib ki, bu ilahi sünnə bu gün də davam edir və düşmənlərin haqq nurunu söndürmək üçün atdığı hər addım əks nəticə verir. O əlavə edib: Onlar elə düşündülər ki, Seyid Xameneinin şəhadəti ilə hər şey başa çatacaq, amma əslində bu şəhadət onun adını, düşüncəsini və yolunu daha da diriltdi.
Şeyx Zəkzaki çıxışının digər hissəsində tələbələri dini elmləri öyrənmək fürsətindən maksimum istifadə etməyə çağıraraq deyib: Siz Əhli-beytin (ə) maarifini öyrənmək üçün bu diyara gəlmisiniz ki, geri döndükdən sonra öz yurdlarınızda İslam maarifinə təşnə olan insanları sirab edəsiniz. Çünki bizim bölgənin insanları Əhli-beyt (ə) məktəbini tanımağa hər zamankından daha çox ehtiyac duyurlar.
O, bölgə əhalisinin uzun illər Əhli-beytin (ə) düzgün təlimlərinə çıxış imkanından məhrum qaldığını xatırladaraq bildirib: Bütün məhdudiyyətlərə baxmayaraq, bu gün həmin maarifə maraq gündən-günə artır.
Nigeriya İslam Hərəkatının rəhbəri Əmirəl-möminin həzrət Əlinin (ə) və onun sadiq davamçılarının tarix boyu göstərdiyi möhkəmlik və fədakarlığı xatırladaraq vurğulayıb: Həqiqi izzət Allah yolunda möhkəm dayanmaqdadır və şəhidlər şəhadətlərindən sonra cəmiyyətə daha böyük təsir göstərirlər. Bu əsnada o, şəhid Seyid Qaidi xatırladaraq deyib: Bir çox insanlar onun şəxsiyyətinin böyüklüyünü məhz şəhadətindən sonra daha yaxşı tanıdılar.
Şeyx Zəkzaki sonda fədakarlıq və canından keçmək yolunu qələbəyə aparan yeganə yol adlandıraraq bildirib: Kim fədakarlıq və müqavimət yolundan daha asan bir yol göstərirsə, bilməlidir ki, əgər belə bir yol olsaydı, İmam Hüseyn (ə) və onun səhabələri onu seçərdilər. Qələbə Allah yolunda möhkəm dayanmaq və ilahi iradəyə təslim olmaqla əldə edilir.
O, bu yolun gələcəyinə əmin olduğunu bildirərək vurğulayıb: Biz qəti şəkildə inanırıq ki, heç vaxt məğlub olmayacağıq. Çünki bizimlə qələbə bəxş edən Allahdır və sonda zəfər haqq cəbhəsinin olacaq.








Rəyiniz